"Zəfər bayramı" | 9 May Qələbə Günü haqqında şeir

 

   

Qoy çalıb-oynasın Vətən torpağı,
Göylər səcdə qılsın bu ülviyyətə.
Ölümün, zülmətin qara bayrağı
Bu gün təslim oldu bizim qüdrətə!

                    ***

Yazılsın tarixə bir qızıl xətlə
45-ci ilin doqquz may günü.
Başlansın şeirlə, sazla, söhbətlə
Bu ellər bayramı, ellər düyünü.

                    ***

Mən də haqq eşqinə, insan eşqinə
Günəşi qaldırdım piyalə kimi.
Şəhidlər ömrünün saf türbəsinə
Şeirim ətir saçır bir lalə kimi…

                    ***

Ey qoca kainat! Hər kamını al!
Al geyin, sevgilim! Fəsli-bahardır,
Gəlsin məclisimə bu gün istiqbal
Görsün ki, qəlbimdə nə büsat vardır!..

                    ***

Ey ilham pərisi! Ey azad səhər!
Nə qədər bəxtiyar görürəm sizi!
Ey bu gün cahana gələn körpələr,
Günəş salamlayır taleyinizi!

                    ***

Sən ey mərd oğula süd verən ana!
Qoy öpsün əlini illər həsrəti.
Xeyir-dua versin Azərbaycana
O ana qəlbinin saf məhəbbəti!

                    ***

Gül, ey nazlı Vətən! – Odlar torpağı!
Düz-çörək hazırla qəhrəmanlara.
Böyük bir ordunun zəfər bayrağı
Günəştək yayılır asimanlara.

 

«Zəfər bayramı» | 9 May Qələbə Günü haqqında şeir
Müəllif: Səməd Vurğun

 "Zəfər bayramı" | 9 May Qələbə Günü haqqında şeir 9 may qelebe gunu seir

 

0 şərh